
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən görüşlər zamanı enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, yaşıl enerji, regional sabitlik və sülh prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, son aylarda yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv siyasi dialoqun tərəflərin əməkdaşlığı daha da möhkəmləndirmək niyyətini nümayiş etdirdiyini bildirib. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinin hər iki tərəfin maraqlarına xidmət etdiyini diqqətə çatdırıb.
Bəyanatda enerji əməkdaşlığı xüsusi yer tutub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olaraq təbii qaz ixracını artırıb və hazırda Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bununla yanaşı, ölkəmizin bərpaolunan enerji sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrin gələcəkdə Avropanın yaşıl enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi vurğulanıb.
Dövlət başçısı çıxışında Azərbaycanın nəqliyyat və logistika imkanlarına da toxunaraq, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin beynəlxalq ticarətin inkişafında mühüm rol oynadığını qeyd edib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi infrastruktur layihələrinin regionun strateji əhəmiyyətini daha da artırdığı bildirilib.
Prezident İlham Əliyev, həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi və regionda davamlı sülhün təmin olunması məsələlərinə toxunaraq, ölkəmizin sülh gündəliyinə sadiq olduğunu və regional əməkdaşlığın inkişafını dəstəklədiyini vurğulayıb.
Ursula Fon der Lyayenin səfəri və keçirilən görüşlər göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır. Tərəflər iqtisadiyyat, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik kimi istiqamətlərdə də strateji tərəfdaşlığın genişləndirilməsində maraqlıdırlar. Bu səfər qarşılıqlı etimadın möhkəmlənməsinə, yeni layihələrin həyata keçirilməsinə və uzunmüddətli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək siyasi hadisə kimi qiymətləndirilə bilər.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



