“İnklüzivliyin Sirri” adlı konfrans uğurla baş tutub

Bakı Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə, “Şəhərsalma və Memarlıq İli”nə və 14 İyun – Beynəlxalq Qan Donorluğu Gününə həsr olunmuş “İnklüzivliyin Sirri” adlı konfrans keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Bakı Gənclər Mərkəzi, Inclusive Organization Company və “Ümidlə Gəl” xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Konfransın rəsmi tərəfdaşları Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Respublika Qan Bankı, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və UNEC nəzdində Sosial-İqtisadi Kollec olub. Layihəyə “Qüsursuz Nitq” Nitq və Psixologiya Mərkəzi və Azimli Group MMC tərəfindən təşkilati dəstək göstərilib.
Konfransın əsas məqsədi inklüziv cəmiyyət ideyasının təşviqi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, onların potensial imkanlarının üzə çıxarılması istiqamətində mütəxəssislərin rolunun vurğulanması və ictimai maarifləndirmənin gücləndirilməsi olub.
İki paneldən ibarət olan tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, təhsil, səhiyyə, psixologiya və inklüziv inkişaf sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edərək aktual mövzular ətrafında çıxış ediblər.
Konfransın sonunda inklüziv dəyərlərin təbliğinə və layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə bir sıra şəxslər təltif olunublar.



