AnalitikaGündəmSiyasət

Milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən mühüm hadisələrdən biri olmuşdur. Şərqdə ilk demokratik və parlamentli respublika kimi tarixə düşən bu dövlət xalqımızın azadlıq, milli birlik və müstəqillik arzularının təntənəsi idi. Lakin mürəkkəb siyasi şərait, xarici müdaxilələr və daxili çətinliklər səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Bu tarixi həqiqət müstəqilliyin əldə olunmasının deyil, onun qorunub saxlanılmasının və möhkəmləndirilməsinin daha vacib olduğunu göstərir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində böyük işlər həyata keçirmişdir. Dövlət atributları yaradılmış, milli ordu formalaşdırılmış, ana dili dövlət dili elan edilmiş, təhsil və mədəniyyət sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərə əsaslanan dövlət kimi fəaliyyət göstərirdi. Parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin təmsil olunması dövlətin demokratik mahiyyətini göstərirdi. Dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi təmin olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti qadın hüquqları sahəsində də mühüm islahatlar həyata keçirdi. Qadınlara seçki hüququnun verilməsi Şərq və müsəlman aləmində ilk dəfə Azərbaycanda baş verdi. Bu, demokratik cəmiyyət quruculuğunun və insan hüquqlarına hörmətin ən mühüm nümunələrindən biri idi. Hətta bir çox Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ verilmişdi. Öz növbəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir və yeni çalarlarla daha da zənginləşdirir. Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Müstəqil Azərbaycan azad, demokratik ölkə kimi uğurla inkişaf edir. Qısa müstəqillik tarixində respublikamızda hüquqi dövlət quruculuğu yolunda çox vacib uğurlar qazanılıb. Ölkədə söz, vicdan, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm tam təmin edilib.

Bu gün müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsini yaşadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü dövlətə çevrilmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu uğurlar Azərbaycan xalqının milli birlik ruhunun və dövlətçilik ənənələrinin təntənəsidir.

Babayev Ramil,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi 

 

 

 

 

Oxşar Xəbərlər

Back to top button