MaraqlıSosial

Bu gün Zərifə Əliyevanın həyat yolu elmə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin nümunəsi kimi yaddaşlarda yaşayır

Azərbaycanın görkəli alimi və akademiki Zərifə Əliyeva XX əsrdə oftalmologiya sahəsinin inkişafına mühüm töhfələr vermiş, tibb elmi ilə yanaşı, ictimai baxımdan da böyük əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir. Onun elmi araşdırmaları əsasən infeksion göz xəstəliklərinə, xüsusilə traxomanın diaqnostikası, qarşısının alınması və müalicəsinə həsr olunmuşdur və bu istiqamətdə qazandığı nailiyyətlər tibb elminə ciddi töhfə sayılır. Zərifə Əliyevanın apardığı məqsədyönlü elmi-praktik fəaliyyət nəticəsində sözügedən xəstəlik ölkəmizdə nəzarət altına alınmış, onun geniş yayılmasının qarşısı effektiv şəkildə alınmışdır. O, zəngin elmi biliklərini yüksək insani keyfiyyətlərlə birləşdirərək Azərbaycanın səhiyyə sisteminə mühüm töhfələr vermişdir.

Bununla yanaşı, o, kimsəsiz və sosial baxımdan həssas təbəqələrə göstərdiyi xüsusi diqqət və qayğı ilə də seçilmişdir. Zərifə Əliyevanın həyat yolu və fəaliyyəti göstərir ki, tibb sahəsində çalışan alimlərin sosial məsuliyyəti elmin inkişafı qədər vacib amildir.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva, hələ gənc yaşlarından elmə və insanlara xidmətə böyük maraq göstərmiş, bu marağını ömrünün sonuna qədər yüksək peşəkarlıq və fədakarlıqla davam etdirmişdir. Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqaməti oftalmologiya sahəsi olmuşdur. 1949-cu ildən etibarən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan alim qısa müddət ərzində bu sahədə dərin biliklərə yiyələnmiş və özünü istedadlı tədqiqatçı kimi təsdiqləmişdir. Onun apardığı elmi araşdırmalar xüsusilə traxoma və qlaukoma kimi geniş yayılmış göz xəstəliklərinin öyrənilməsi, diaqnostikası və müalicəsi istiqamətində mühüm nəticələrlə yadda qalmışdır. Bu sahədə əldə etdiyi nailiyyətlər oftalmologiyanın inkişafına yeni baxış bucağı gətirmişdir. XX əsrin ortalarında geniş yayılan traxoma xəstəliyinə qarşı mübarizə Zərifə xanımın fəaliyyətində xüsusi yer tutmuşdur. O, yalnız elmi araşdırmalar aparmaqla kifayətlənməmiş, eyni zamanda bölgələrə səfərlər edərək xəstəlik ocaqlarında birbaşa müalicə və profilaktik tədbirlərin həyata keçirilməsində fəal iştirak etmişdir. Onun təşəbbüsü və tətbiq etdiyi müalicə üsulları nəticəsində bu xəstəliyin yayılmasının qarşısı alınmış, insanların sağlamlığının qorunması istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Bu fəaliyyət həm tibbi, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb etmişdir. Zərifə Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. Onun xatirəsi böyük ehtiramla yad edilir, adı elm və səhiyyə sahəsində dərin hörmətlə çəkilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu zəngin irsin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu kimi amillər müdrik şəxsiyyətin həyat və fəaliyyətinin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən silsilə tədbirlər keçirilmişdir.

Bu gün Zərifə Əliyevanın həyat yolu elmə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin nümunəsi kimi yaddaşlarda yaşayır. Onun zəngin irsi gələcək nəsillər üçün örnək mənbəyi olaraq qalır, formalaşdırdığı dəyərlər isə insanları düzgün seçimlərə, məsuliyyətli fəaliyyətə və humanist davranışa istiqamətləndirən mühüm mənəvi dayağa çevrilir.

 Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button