GündəmSosial

Oftalmologiya Elmində Silinməz İz: Zərifə xanım Əliyevanın İrsi

Bu gün Azərbaycan xalqının görkəmli ziyalısı, tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Zərifə xanım Əliyeva yalnız böyük alim və peşəkar həkim deyildi — o, eyni zamanda yüksək mənəvi dəyərlərə malik, xalqına bağlı, milli ruhu yaşadan əsl Azərbaycan qadını idi. Onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi istiqamətində gördüyü işlər tibb tariximizdə mühüm mərhələ təşkil edir. Bu elmi irs bu gün də Azərbaycan səhiyyəsinin inkişafında əhəmiyyətli rol oynayır.

Zərifə xanımın fəaliyyəti yalnız elm sahəsi ilə məhdudlaşmırdı. O, ictimai-siyasi mühitdə də özünün yüksək mövqeyi, ziyalılığı və müdrikliyi ilə seçilirdi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı olaraq, dövlətçilik ideyalarının formalaşması və möhkəmlənməsi prosesində mənəvi dayaq rolunu oynayırdı. Onun ailə dəyərlərinə verdiyi önəm, milli-mənəvi prinsiplərə sədaqəti bu gün də cəmiyyətimiz üçün nümunədir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əsasını təşkil edən milli birlik, sabitlik və inkişaf strategiyasının təməlində məhz belə güclü mənəvi dəyərlər dayanır. Bu baxımdan, Zərifə xanım Əliyevanın həyat yolu və fəaliyyəti müasir Azərbaycanın ideoloji sütunlarından biri kimi qiymətləndirilə bilər.

Onun xatirəsi xalqımızın qəlbində daim yaşayır. Zərifə xanım Əliyeva öz zəngin irsi, insanpərvərliyi və yüksək intellekti ilə Azərbaycan tarixində silinməz iz qoymuş nadir şəxsiyyətlərdəndir. Bu əziz gündə onu bir daha ehtiramla yad edir, ruhuna dualar göndəririk.

Səbinə Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button