AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Azərbaycan qlobal miqyasda dialoq, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısıdır

“Müasir dövr beynəlxalq münasibətlər sistemində mürəkkəb transformasiyalarla səciyyələnir. Dünyada yeni gərginlik ocaqları yaranır, mövcud münaqişələr isə qlobal təhlükəsizlik arxitekturasına ciddi təhdidlər yaradır. Belə bir şəraitdə siyasi liderlərin beynəlxalq platformalarda səsləndirdiyi fikirlər bütövlükdə beynəlxalq ictimaiyyətin gələcək istiqamətləri üçün mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 mart 2026-cı ildə keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda etdiyi çıxış qlobal təhlükəsizlik, regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından mühüm siyasi mesajlarla zəngin oldu”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, hazırkı beynəlxalq şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir dövlətin gündəliyində bir nömrəli prioritet olmalıdır. Müasir dünyada iqtisadi inkişaf, sosial rifah və siyasi sabitlik kimi mühüm məsələlərin həlli məhz təhlükəsizlik mühitinin mövcudluğundan asılıdır. Dövlət başçımızın qeyd etdiyi kimi, təhlükəsizlik təmin olunmadan digər sahələrdə əldə olunan nailiyyətlər uzunmüddətli perspektivdə davamlı ola bilməz. Bu fikir hazırkı qlobal proseslər fonunda xüsusilə aktuallıq kəsb edir. Çünki son illər dünyada baş verən münaqişələr, enerji böhranları və geosiyasi qarşıdurmalar bir daha göstərir ki, sabitlik və təhlükəsizlik hər bir ölkənin inkişaf strategiyasının təməl sütunlarıdır.

“Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də Ermənistanla münasibətlərin normallaşması və əldə olunan sülhün real nəticələri oldu. Dövlət başçısının sözlərinə görə, 2023-cü ilin sentyabrında baş vermiş son hərbi qarşıdurmadan sonra qısa müddət ərzində sülhə nail olunması müasir diplomatik tarixdə nadir hadisələrdən biridir.
Bu prosesin əsas xüsusiyyətlərindən biri sülhün yalnız formal sənədlərlə yox, real həyatda təmin olunmasıdır. Sərhəddə sabitliyin yaranması, atəşkəs rejiminin pozulmaması və qarşılıqlı iqtisadi əməkdaşlıq addımlarının atılması regionda yeni siyasi mühitin formalaşdığını göstərir.nAzərbaycanın Ermənistanla ticarət əlaqələrinin bərpası və enerji məhsullarının ixracına başlanılması isə Azərbaycanın uzunmüddətli və dayanıqlı sülhə sadiqliyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyev çıxışında uzun illər fəaliyyət göstərmiş vasitəçilik mexanizmlərinə də toxundu və onların səmərəsiz olduğunu vurğuladı. Dövlət başçısının sözlərinə görə, münaqişənin uzun müddət həll olunmamasının əsas səbəblərindən biri də prosesə cəlb edilmiş vasitəçilərin qeyri-effektiv fəaliyyəti idi. Bu baxımdan Azərbaycan Ermənistanla danışıqların ikitərəfli formatda aparılmasının daha səmərəli nəticələr verdiyini nümayiş etdirdi. Vasitəçilərin iştirakı olmadan aparılan danışıqlar nəticəsində əldə olunan sülh regional diplomatiyada yeni model kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, müasir dövrdə enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan bu sahədə mühüm rol oynayan ölkələrdən biridir. Ölkəmiz yalnız neft və qaz istehsalçısı deyil, eyni zamanda enerji resurslarının etibarlı təchizatçısı kimi beynəlxalq enerji bazarının sabitliyinə töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayını qısa müddətdə 12-dən 16-ya çatdıraraq Avropa və digər regionların enerji təhlükəsizliyində mühüm tərəfdaş statusunu daha da möhkəmləndirmişdir. Müasir dövrdə münaqişələr və geosiyasi gərginliklər bir çox beynəlxalq nəqliyyat marşrutlarının fəaliyyətini çətinləşdirir. Belə bir şəraitdə Azərbaycan strateji coğrafi mövqeyindən istifadə edərək qlobal logistika sistemində mühüm rol oynayır. Ölkə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir və bu marşrutların inkişafına böyük investisiyalar yatırır.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqeni bir daha aydın şəkildə nümayiş etdirdi. Azərbaycan işğal və müharibə mərhələsindən keçərək bu gün sülh, əməkdaşlıq və regional inteqrasiyanı təşviq edən dövlətə çevrilmişdir. Nəticə etibarilə, XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan qlobal miqyasda dialoq, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin təqdim etdiyi siyasi baxışlar isə müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda sülhə aparan alternativ modellərdən biri kimi diqqət çəkir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button