
Ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini böyük əminliklə qeyd edirik. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti birgə əməkdaşlıq nəticəsində reallığa çevrilən layihələrə yönəldərək bildirdi ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq.
Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. O da qeyd edildi ki, sonuncu toplantıda qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımız açıqlanmışdı. Bu planlar artıq reallaşdırılıb. Digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Dövlət başçımızın qeyd etdiyi kimi, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış qarşılıqlı fayda prinsipi hər bir layihənin uğurunun əsas dayağıdır. Azərbaycanın iştirak etdiyi meqalayihələrdə isə, bu model klassik enerji münasibətlərindən fərqli olaraq, daha çox tərəfdaşlıq ruhuna əsaslanır. Məhz bu səbəbdən Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir və mövcud infrastruktur artan tələbat fonunda genişləndirilmə perspektivləri ilə müzakirə olunur. Yeni interkonnektorlar və əlavə ötürücülük imkanları isə gələcək illərdə layihənin əhatə dairəsini daha da genişləndirə bilər.
Dövlət başçısını çıxışı və diqqətə çatdırdığı məsələlər onu deməyə əsas verir ki, Azərbaycan yeni geosiyasi proseslərin fonunda enerji siyasətini uğurla davam etdirir və bu sahənin inkişafı ilə bağlı addımlar atır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



