AnalitikaGündəmSiyasət

Yeni rəqəmsal arxitektura dövlətin gələcək modelidir

“Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev görülən işləri diqqətə çatdırıb, eyni zamanda süni intellektin geniş tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar, eləcə də digər perspektiv fəaliyyətlərlə bağlı tapşırıqlarını bildirib. Bu mənada, bu müşavirəni Azərbaycanın rəqəmsal transformasiya strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Çünki burada söhbət təkcə texnoloji yenilənmədən yox, həm də idarəetmə fəlsəfəsinin dəyişməsindən gedir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov  deyib.

Ramil Vəlibəyov  bildirib ki, son illər ərzində aparılan işlər nəticəsində enerji generasiya gücümüzün böyük dərəcədə artması və bu sahəyə milyonlarla dollar sərmayələrin yatırılması Azərbaycanda rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün əlverişli şərait yaradır. Məhz, Prezident İlham Əliyevin bu istiqamətdə nəzərdə tutduğu ideyaların və layihələrin reallaşdırılması ilə Azərbaycanda həm dövlət idarəetməsinin, həm də sosial-iqtisadi münasibətlərin transformasiyasının yeni mərhələsi başlayacaq: “Yeni rəqəmsal arxitektura dövlət məlumatlarının vahid platformada toplanması, emalı və qorunmasını təmin edir. Bu da məlumat təhlükəsizliyinin gücləndirilməsi, xarici texnoloji asılılığın azaldılması, milli rəqəmsal infrastrukturun formalaşdırılması deməkdir. Başqa sözlə, bu proseslə Azərbaycan rəqəmsal suverenlik mərhələsinə daxil olur. Eyni zamanda, müşavirədə vurğulanan əsas istiqamətlərdən biri xidmətlərin tam rəqəmsallaşdırılmasıdır. Bu isə insan faktoru ilə bağlı riskləri daha da azaldır, qərarların qəbulunu sürətləndirir, vətəndaş-dövlət münasibətlərini sadələşdirir. Nəticədə də klassik aparat dövləti tədricən data əsaslı ağıllı dövlətə transformasiya olunur. Yeni arxitektura yalnız mövcud prosesləri rəqəmsallaşdırmır. O, eyni zamanda gələcək qərarların proqnozlaşdırıcı modellər üzərində qurulmasına imkan yaradır. Bu da iqtisadi risklərin öncədən müəyyən edilməsi, sosial siyasətin daha dəqiq planlaşdırılması, milli təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi kimi strateji üstünlüklər verir. Müşavirə həm də özəl sektor üçün yeni imkanlar açır. Startap ekosisteminin genişlənməsi, rəqəmsal xidmət ixracı, regional texnologiya mərkəzinə çevrilmə perspektivi və başqa proseslər ilə Azərbaycan yalnız istifadəçi yox, həm də rəqəmsal məhsul istehsalçısı roluna keçə bilər”.

Ramil Vəlibəyov əlavə edib ki, bugünkü dünyada rəqəmsal infrastruktur artıq klassik hərbi və enerji resursları qədər stratejidir: “Bu təşəbbüs ilə Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi, Transxəzər və Orta Dəhliz boyunca data axınlarına nəzarət, beynəlxalq texnoloji tərəfdaşlıqlarda mövqelərin möhkəmlənməsi üçün baza yaradır. Beləliklə də, Azərbaycanın yeni rəqəmsal arxitekturası sadəcə texniki layihə deyil, bu həm də dövlətin mərkəzləşdirilmiş məlumat idarəçiliyinə, süni intellekt əsaslı qərarverməyə, rəqəmsal suverenliyə və strateji texnoloji müstəqilliyə söykənən gələcək modelidir”.

Oxşar Xəbərlər

Back to top button