
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid (Cey. Di.) Vensin 2026-cı ilin fevralında Azərbaycana həyata keçirdiyi rəsmi səfər iki ölkə arasındakı münasibətlərdə mühüm strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. 10 fevral 2026-cı il tarixində Prezident İlham Əliyev və Vitse-prezident Cey. Di. Vens arasında keçirilən görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” imzalanıb. Səfərin mərkəzində “Trump Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP – Trump Route for International Peace and Prosperity) layihəsinin təşviqi dayanıb. Bu dəhliz regional nəqliyyat və logistika infrastrukturunun inkişafını, həmçinin Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq vasitəsilə sülhün möhkəmləndirilməsini nəzərdə tutur. Nümayəndə heyətinə ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də daxil olub. Süni intellekt və rəqəmsal infrastruktur layihələrində birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Nəticə olaraq belə deyə bilərik ki, Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişəcək bu layihəyə ABŞ tərəfindən tam siyasi dəstək verildi. Bu, həm də Ermənistanla sülhün iqtisadi dividend gətirəcəyinə dair konkret addımdır. Həmçinin , imzalanan bu Xartiya təkcə iqtisadi deyil, həm də regional təhlükəsizlik məsələlərində Bakı və Vaşinqtonun mövqelərinin üst-üstə düşdüyünü göstərdi.Görüşün nəticəsi olaraq, Azərbaycana süni intellekt və yüksək texnologiyalar sahəsində Amerika investisiyalarının cəlb edilməsi üçün yol açıldı. Qısacası, bu səfər Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu möhkəmləndirdi və regionda daimi sülhün təminatçısı kimi rolunu artırdı.
Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri, xüsusilə də Strateji Xartiyanın imzalanması kontekstində, ikitərəfli münasibətlərdə tarixi hadisə hesab edilir. Strateji Xartiya əməkdaşlığın hüquqi-institusional bazasını gücləndirir, prioritet istiqamətləri müəyyənləşdirir və uzunmüddətli tərəfdaşlıq üçün etibarlı çərçivə formalaşdırır. Səfər çərçivəsində aparılan müzakirələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri yeni mərhələyə yüksəldərək, Azərbaycan-ABŞ münasibətlərinin dərin strateji məzmununu daha da gücləndirmişdir.
Prezident İlham Əliyevin bəyanatı və ABŞ Vitse-prezidentinin səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın güclü siyasi iradə ilə dəstəkləndiyini və regionda sülh, sabitlik və rifah naminə birgə fəaliyyətin davam etdiriləcəyini təsdiq edir.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



