
Gənclik hər bir dövlətin strateji gələcəyini müəyyən edən əsas sosial təbəqədir. Azərbaycan Respublikasında gənclərə xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşıb və bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər təşkil edir. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq 2 Fevral – Azərbaycan Gəncləri Günü təsis edilmiş və bu tarix ölkənin ictimai-siyasi həyatında mühüm yer tutmağa başlamışdır.
Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixində imzaladığı müvafiq Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunmuşdur. Bu qərar təsadüfi deyildi. Həmin dövrdə gənclərin cəmiyyətin fəal üzvünə çevrilməsi, dövlət idarəçiliyində, ictimai-siyasi və sosial proseslərdə rolunun artırılması zərurəti xüsusi aktuallıq kəsb edirdi. 2 Fevral tarixinin seçilməsi isə Azərbaycan gənclərinin forumunun keçirildiyi günlə bağlı idi və bu, gənclərin fikir və təşəbbüslərinə verilən yüksək dəyərin rəmzi idi.
Qeyd edilməlidir ki, Azərbaycan Gəncləri Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təsis edilmişdir. Bu fakt ölkəmizin gənclərə yönəlik siyasətdə nə qədər qabaqcıl mövqedə olduğunu bir daha sübut edir. Həmin vaxtdan etibarən 2 Fevral hər il ölkə üzrə təntənəli şəkildə qeyd olunur, gənclərin uğurları dövlət səviyyəsində qiymətləndirilir və onların cəmiyyətin inkişafındakı rolu xüsusi vurğulanır.
Azərbaycanın gənclər siyasəti təkcə regional deyil, beynəlxalq miqyasda da nümunəvi model kimi çıxış edir. Məhz bu siyasətin nəticəsi olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1997-ci ildə Gənclər Gününün təsis edilməsindən xeyli sonra, gənclərin işləri üzrə nazirlərin 1998-ci ilin avqust ayında keçirilmiş ümumdünya konfransının tövsiyəsinə əsasən Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 17 dekabr 1999-cu il tarixli qətnamə ilə 12 avqust tarixini Beynəlxalq Gənclər Günü elan etmişdir. Bu fakt bir daha göstərir ki, Azərbaycan gənclərlə bağlı siyasətdə bir çox ölkələri və beynəlxalq ictimaiyyəti qabaqlamışdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyən etdiyi gənclər siyasəti uğurla davam etdirilir. Dövlət proqramları, təhsil və məşğulluq imkanları, beynəlxalq layihələrdə iştirak, gənclərin ictimai fəallığının artırılması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Azərbaycan gəncliyi bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da dövlətimizi layiqincə təmsil edir.Nəticə etibarilə, 2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, eyni zamanda gənclərə göstərilən etimadın, dövlətin gələcəyini məhz gənclərlə bağladığının bariz nümunəsidir. Bu tarix Azərbaycan gəncliyinin potensialına verilən yüksək qiymətin və müasir, güclü dövlət quruculuğunda onların rolunun rəmzi kimi daim aktuallığını qoruyacaqdır.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçisi



