GündəmAnalitikaSiyasət

Cənab Prezident ayrıca söhbətdə Cənubi Qafqazın inkişaf perspektivləri haqqındakı baxışlarını bölüşüb

20 yanvar 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun çərçivəsində “Euronews” televiziyasına eksklüziv müsahibə verib. Bu müsahibə yalnız Azərbaycanın xarici siyasət prioritetlərini açıq-aydın ifadə etməklə qalmayıb, həm də dəyişən beynəlxalq sistemə münasibət, regional təhlükəsizlik və enerji sahəsindəki rol barədə mühüm mesajlar verib. Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, dünya beynəlxalq münasibətlərində fundamental dəyişiklik dövrünə qədəm qoyub. Onun sözlərinə görə, beynəlxalq hüquq normalarının universal tətbiqi artıq əvvəlki qədər güclü şəkildə qorunmur və qlobal siyasətdə çox vaxt güc münasibətləri ön plana çıxır. Bu kontekstdə Azərbaycan öz strategiyasını milli potensiala, iqtisadi və siyasi potensiala əsaslanaraq qurur və çoxşaxəli diplomatik əlaqələr inkişaf etdirir. Bu baxış, cənab Prezidentin uzun müddətli xarici siyasət kursunu əks etdirir — sərbəst, müstəqil, milli maraqlara söykənən siyasət.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ədəbi hüquqdan çox dövlətin real güc imkanlarının rol oynadığını qeyd edib və dövlətlərin strateji qərarlarını öz potensiallarına uyğunlaşdırmalarının vacibliyini vurğulayıb. Cənab Prezident ayrıca söhbətdə Cənubi Qafqazın inkişaf perspektivləri haqqındakı baxışlarını bölüşüb. O bildirib ki, bölgədə uzun müddət davam edən münaqişə artıq yeni mərhələyə qədəm qoyub və tərəflər sülhə doğru irəliləyirlər. Ermənistanla münasibətlərdə gərginliyin aradan qaldırılması üçün atılan addımların nəticəsi olaraq Azərbaycanın və Ermənistanın qarşılıqlı ticarət imkanları artırılaraq bir çox məhdudiyyətlər aradan qaldırılıb. Cənubi Qafqazda 30 illik qarşıdurma dövründən sonra sülh və sabitlik üçün yeni modelin formalaşdırılması istiqamətində mühüm addım sayılır. Prezident İlham Əliyev bu prosesin region üçün davamlı sülh və inkişaf üçün əsas şərt olduğunu vurğulayıb. Cənab Prezident ölkənin qlobal enerji bazarında oynadığı rola da diqqət yetirib. Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda enerji resurslarına sahib yeganə ölkədir və artıq neft-qaz resurslarını 16 ölkəyə ixrac edir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün Azərbaycan qazının strateji mənbə olduğunu göstərir. Prezident, həmçinin Azərbaycanın yalnız Avropaya deyil, digər regionlara da enerji ixrac etdiyini, o cümlədən Suriya bazarına qaz tədarükünü genişləndirdiyini vurğulayıb. Bu, Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirir və qlobal enerji təhlükəsizliyinə töhfəsini gücləndirir.

Prezident İlham Əliyev müsahibədə Avropa institusiyalarının Azərbaycana qarşı bəzən ədalətsiz tənqidlərini də şərh edib. O bildirib ki, Azərbaycan artıq Avropa Parlamentinin qeyri-obyektiv tənqidlərinə reaksiya vermir və bu cür kritikaların siyasi motivli olduğunu vurğulayıb. Dövlət başçısı bu tənqidlərin ölkənin müstəqil xarici siyasət yürütməsinə mane olmadığını qeyd edib. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsi yalnız bir media çıxışı deyil — bu, Azərbaycanın yeni beynəlxalq reallıqlara adaptasiya strategiyasını, regional və qlobal məsələlərdə mövqeyini, enerji siyasətini və multilateral münasibətlərə baxışını əks etdirən mühüm diplomatik aktdır. Bu müsahibə, həmçinin Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq, Avropa və dünya bazarlarında enerji təhlükəsizliyi sahəsində oynadığı rolu daha aydın şəkildə nümayiş etdirir.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button