AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin növbəti nümunəsidir

“Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi barədə təşəbbüsü Azərbaycan dövlətinin hüquqi islahatlara, insan hüquqlarının təmininə və cəmiyyətin sosial harmoniyasına verdiyi önəmin bariz göstəricisidir. Bu cür təşəbbüslər yalnız hüquqi mexanizm kimi deyil, eyni zamanda humanist və siyasi məsuliyyət nümunəsi kimi də çıxış edir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, amnistiyanın əsas mahiyyəti insan amilinə verilən dəyərdə əks olunur. Bununla ailələr birləşir, minlərlə ailənin sosial-psixoloji yükü azalır, yenidən cəmiyyətə inteqrasiya başlayır, azadlığa buraxılan şəxslər üçün ikinci şans yaradılır, sosial ədalət hissi güclənir, cəmiyyətdə mərhəmət və bağışlama dəyərləri təşviq olunur.

“Son 30 il ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü olub. Lakin dekabrın 15-də cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüs müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya olacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib: “Eləcə də Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. O cümlədən Prezident  İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Həmçinin, Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə də amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi barədə təşəbbüsü isə ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini də məhz humanizm təşkil edir: “Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Bu mənada Prezident İlham Əliyevin amnistiya təşəbbüsü ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin növbəti nümunəsidir”.

Oxşar Xəbərlər

Back to top button