
2025-ci il dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidinin siyasi təcəssümüdür. Bratislavada keçirilən görüşlər zamanı Azərbaycanın dövlət başçısının mətbuata verdiyi bəyanat regional diplomatiyanın gələcək konturlarını aydın şəkildə göstərdi. Prezidentin sözləri bir daha təsdiq etdi ki, Slovakiya və Azərbaycan təkcə tərəfdaş deyil – sözün əsl mənasında dost ölkələr və strateji müttəfiqlərdir.
Bu səfər yalnız protokol xarakterli rəsmi görüş kimi deyil, strateji vizionun elan edildiyi məqam kimi yadda qaldı. İlham Əliyev çıxışında xatırlatdı ki, keçən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək siyasi müstəviyə qaldırmışdır. Bu sənəd faktiki olaraq Cənubi Qafqazdan Mərkəzi Avropaya uzanan yeni əməkdaşlıq xəttinin hüquqi əsasını müəyyənləşdirdi. Artıq hər iki dövlət bütün istiqamətlər üzrə fəal işləyən birgə komandalara malikdir, iqtisadi işçi qrup genişlənir, energetika, sənaye və texnoloji sahələrdə real layihələr icra olunmağa başlayır.
Prezident İlham Əliyevin bəyanatında ən çox vurğulanan xətt energetika sektorudur. Bu təsadüfi deyil. Çünki enerji əməkdaşlığı Azərbaycan-Slovakiya münasibətlərinin əsas dayağıdır və yeni geosiyasi reallıqlarda Avropanın enerji təhlükəsizliyinin təminində həlledici faktor kimi çıxış edir.
Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir, bunun yarısı Avropa bazarına yönəlir. İlham Əliyevin açıqladığı statistik rəqəmlər diqqətəlayiqdir – ümumi qaz ixracı hazırda 25 milyard kubmetrdir və bu həcmin 50 faizi Avropa İttifaqı ölkələrinə çatdırılır. Bu isə Avropanın enerji xəritəsində Azərbaycanın rolunun nə qədər siqifikant olduğunu təsdiq edir.
Prezidentin səfər çərçivəsində qeyd etdiyi ən vacib məqam isə budur:
Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edildi və Azərbaycan istənilən həcmdə Slovakiyanın enerji tələbatını təmin etməyə qadirdir.
Bu bəyanat təkcə iqtisadi mesaj deyil – bu, enerji təhlükəsizliyi ilə geosiyasi suverenlik arasında əlaqənin açıq deklarasiyasıdır. Yeni qaz yataqlarının işlənməsi ilə əlavə resursların əldə olunacağı nəzərə alınsa, Slovakiya və onun qonşuları üçün Azərbaycanla əməkdaşlıq sabit və uzunmüddətli enerji təminatı deməkdir.
Slovakiya ilə əməkdaşlığın genişləndirilməsi eyni zamanda Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsinə dolaylı şəkildə təsir göstərir. Hazırda Aİ-yə üzv 8 ölkə Azərbaycan qazı ilə təmin olunur və bu fakt Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin aparıcı oyunçularından birinə çevirir.
Bu reallıq regionda güc balansının dəyişdiyini göstərir:
Azərbaycan təkcə enerji ixracatçısı deyil – siyasi qərarların formalaşmasına təsir edən strateji aktordur.
Slovakiya kimi Avropa ölkələri ilə əməkdaşlıq həm tranzit marşrutlarını, həm də diplomatik dayaqları genişləndirir. Bu isə Cənubi Qafqazın beynəlxalq siyasi arxitekturasında Bakının mövqeyini daha da möhkəmləndirir.
8 dekabr 2025-ci il Slovakiya səfəri Azərbaycan diplomatiyasının gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin bəyanatı təkcə iki ölkə arasında əməkdaşlığın faktiki göstəricisi deyil, həm də geostrateji vizyonun manifestidir.
Bratislavada verilmiş mesajlar gələcək onillik üçün siyasi kontur formalaşdırır – Azərbaycan öz gücünü artırmağa deyil, gücünü bölüşməyə gedir. Bu isə yeni Avropa-Qafqaz enerji-siyasi məkanının başlanğıcıdır.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



