AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Bu gün Kəlbəcərdə başlanmış dirçəliş sabah böyük bir intibahın başlanğıcı olacaq

“25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm qayıdışın, həm ədalətin, həm də böyük bir xalqın öz torpağına sahib çıxmasının rəmzidir. 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərin ən parlaq səhifələrindən biri məhz Kəlbəcərin işğaldan azad olunması oldu. Kəlbəcər uzun illər Azərbaycan xalqı üçün nisgil, həsrət və ağrı dolu bir ad idi. 1993-cü ildə düşmən tərəfindən işğal edilmiş bu gözəl bölgə 27 il ərzində talan edildi, təbiəti korlandı, tarixi abidələri dağıdıldı. Lakin xalqımız heç vaxt ümidini itirmədi. Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edirdi ki, “Kəlbəcər bizimdir və biz ora qayıdacağıq”. Nəhayət, 2020-ci ilin 25 noyabrında bu sözlər reallığa çevrildi. Kəlbəcər bir güllə atılmadan, siyasi-diplomatik qətiyyət sayəsində geri qaytarıldı və bu tarix xalqımızın qəlbində böyük sevincə çevrildi”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu gün Kəlbəcər tamamilə başqa mərhələyə qədəm qoyub. Azad olunduğu ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Çətin dağ relyefinə baxmayaraq, Kəlbəcərə aparılan müasir yollar, tikilən tunellər, qurulan enerji infrastrukturu bu rayonun gələcəkdə ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyindən xəbər verir. İstisu Kurort Kompleksi, yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar – bütün bunlar Kəlbəcərin tam şəkildə dirçəlməsi üçün atılan addımlardır.

“25 Noyabr – Kəlbəcər Şəhəri Günü bizi qələbəyə aparan birliyin, gücün və milli ruhun rəmzidir. Bu gün bizə xatırladır ki, torpaq müqəddəsdir və onu qorumaq hər bir azərbaycanlının borcudur. Kəlbəcər Şəhəri Günü həm də gələcəyə olan ümidimizin təcəssümüdür. Çünki bu gün Kəlbəcərdə başlanmış dirçəliş sabah böyük bir intibahın başlanğıcı olacaq”. – deyən Rəşadət Xalıqov bildirib ki, bu gün tarixə əbədi yazılıb və bu səhifə Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və torpaqlarımıza olan sonsuz məhəbbətimizi bir daha göstərir.

Oxşar Xəbərlər

Back to top button