
21 noyabr 1992-ci il Azərbaycan siyasi düşüncə tarixində xüsusi çəkisi olan dönüş nöqtələrindən biridir. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və bu hadisə ölkəmizin ictimai-siyasi taleyinə yeni istiqamət verdi. 33 il əvvəl yaranmış bu siyasi təşkilat qısa müddət ərzində xalqın intellektual, mədəni və siyasi həyatında mühüm rol oynayan, milli maraqlara söykənən geniş bir hərəkat kimi formalaşdı. Yeni Azərbaycan Partiyasının tarixi, demək olar ki, müstəqil Azərbaycanın formalaşma mərhələlərinin xronikasını özündə ehtiva edir.
Partiya yarandığı ilk gündən vətəndaş cəmiyyəti, hüquqi dövlət, demokratik dəyərlərin təşəkkülü kimi sahələrdə aparılan islahatların fəal iştirakçısına çevrilmiş, ölkənin inkişaf yoluna mühüm töhfələr vermişdir. Müstəqilliyin bərpasından sonra üzləşdiyimiz çətinliklər, daxili siyasi böhranlar və təhlükələr fonunda Azərbaycanın bu gün əldə etdiyi uğurlar, yüksəliş və tərəqqi dövrü asanlıqla qazanılmayıb.
1990-cı illərin əvvəllərinə nəzər saldıqda, ölkənin taleyinin sözün əsl mənasında lider amilindən asılı olduğu açıq şəkildə görünür. Milli dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyin qorunması, xalq birliyinin yaradılması və siyasi sabitliyin bərqərar edilməsi məhz Heydər Əliyevin qətiyyətli mövqeyi və müstəsna idarəçilik bacarığı sayəsində mümkün oldu. Azərbaycan xalqı bu tarixi mərhələdə liderinə güvənərək xaosdan, tənəzzüldən xilas oldu və inkişaf yoluna qədəm qoydu. Dünyanın müxtəlif ölkələrinin keçmişi göstərir ki, taleyüklü anlarda güclü liderə sahib olmayan xalqlar çox ağır sınaqlarla üz-üzə qalmışlar. Azərbaycan isə öz müdrik liderini seçməklə həm milli maraqlarını, həm də müstəqilliyini qorumağı bacardı.
XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan xalqı Heydər Əliyevin və sonrakı illərdə Prezident İlham Əliyevin liderliyi altında dövlətçiliyin güclənməsinin, milli idealların reallaşmasının və üçrəngli bayrağımızın zirvələrə ucalmasının qürurunu yaşadı. Bu dövr Azərbaycan tarixinin ən parlaq nailiyyətlərindən biri olan böyük qələbəyə aparan yolun əsasını təşkil etdi.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkənin bütün bölgələrindən gəlmiş 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə baş tutdu. Konfransda partiyanın yaradılması barədə qərar qəbul edildi, Proqram və Nizamnamə təsdiqləndi və xalqın istəyinə uyğun olaraq Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Həmçinin partiyanın Siyasi Şurası, İdarə Heyəti və digər rəhbər strukturları formalaşdırıldı. O dövrün mürəkkəb şəraitinə baxmayaraq, Yeni Azərbaycan Partiyasının yaradılması xalqın siyasi iradəsinin təcəssümü oldu və qısa zamanda partiya ümumxalq gücünə çevrildi.
Bu gün Yeni Azərbaycan Partiyası keçdiyi inkişaf yolu ilə sübut edir ki, Ulu Öndərin “Dünənin, bugünün və gələcəyin partiyası” adlandırdığı bu qurum ölkənin siyasi həyatında mühüm missiya daşıyır. Onun fəaliyyəti həm tarixi məsuliyyətin, həm də gələcəyə hesablanan strateji məqsədlərin daşıyıcısıdır.
Həsənova Səbinə,
YAP-ın fəalı



