AnalitikaGündəmSiyasət

YAP-ın fəaliyyəti Azərbaycanın inkişaf yolunda mühüm tarixi missiyanın davamı kimi qiymətləndirilir

XX əsrin sonlarında Azərbaycan mürəkkəb və gərgin tarixi proseslərdən keçirdi. Sovet İttifaqının süqutu ilə müstəqilliyini bərpa edən ölkə eyni zamanda siyasi, iqtisadi və sosial böhranla üz-üzə qalmışdı. Dövlət idarəçiliyində qeyri-sabitlik, separatizm təhlükəsi, dövlətçiliyi təhdid edən daxili çəkişmələr, iqtisadiyyatın sürətlə zəifləməsi və əhalinin sosial vəziyyətinin ağırlaşması həmin dövrün əsas reallıqları idi. Belə şəraitdə cəmiyyətdə siyasi liderliyə, sağlam dövlət quruculuğuna və milli maraqları qorumağa qadir qüvvəyə ehtiyac yaranmışdı. Məhz bu tarixi tələbat Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasını obyektiv zərurətə çevirdi.

1992-ci ilin payızında ölkədə mövcud olan siyasi vəziyyət son dərəcə gərgin idi. Hakimiyyətdə olan qüvvələr müstəqilliyin ilk dönəmlərində qarşıya çıxan problemləri həll etmək əvəzinə, daxili çəkişmələr və idarəçilik böhranı ilə ölkəni daha da çıxılmaz vəziyyətə salırdı. Qarabağ müharibəsində ardıcıl məğlubiyyətlər, torpaq itkisi, qaçqın və məcburi köçkün axını, iqtisadi çöküş dövlət idarəçiliyinin səmərəsizliyini açıq şəkildə göstərirdi. Bu şəraitdə cəmiyyətin geniş təbəqələrində həm siyasi, həm də ideoloji baxımdan yeni bir təşkilatlanmaya ehtiyac yaranmışdı.Belə bir zamanda ölkənin tanınmış ziyalılarının və nüfuzlu şəxslərinin Gəncədə imzaladığı “91-lər müraciəti” mühüm tarixi hadisə oldu.

Bu müraciət Azərbaycanın siyasi səhnəsində yeni və milli mənafe daşıyan qüvvənin formalaşmasına çağırış idi. Əslində, YAP-ın yaranması haqqında qərarın verilməsi də məhz cəmiyyətin bu çağırışına cavab idi. Tarix sübut etdi ki, həmin dövrdə ölkənin xilası üçün güclü liderə, təcrübəli siyasətçi və dövlət xadiminə ehtiyac vardı. Bu lider isə xalqın böyük əksəriyyətinin etibar etdiyi Heydər Əliyev idi.1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsi təkcə yeni siyasi təşkilatın yaranması deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası istiqamətində atılmış strateji addım idi. Partiyanın proqram və məqsədləri ölkədə sabitlik yaratmağı, dövlət quruculuğunu möhkəmləndirməyi, iqtisadi islahatları həyata keçirməyi və milli birliyi təmin etməyi nəzərdə tuturdu. YAP qısa müddət ərzində geniş sosial bazaya malik oldu, çünki cəmiyyət yeni siyasi kursun zəruriliyini açıq şəkildə dərk edirdi.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı və YAP-ın siyasi proseslərdə aparıcı qüvvə kimi fəaliyyətə başlaması ölkədə yeni mərhələnin başlanğıcı oldu. Dövlət idarəçiliyində sabitlik yarandı, iqtisadi islahatlar başlandı, hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atıldı. Məhz bu addımlar Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasını qoydu. Bütün bunlar sübut edir ki, YAP-ın yaranması təsadüfi deyil, tarixi və siyasi zərurətdən irəli gələn addım idi.Nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrün obyektiv reallıqlarından doğan qaçılmaz bir proses idi. Dövlətçiliyin qorunması, siyasi sabitliyin bərpası və xalqın milli mənafelərinin təmin olunması üçün belə bir siyasi təşkilatın meydana çıxması vacib idi. Bu gün də YAP-ın fəaliyyəti Azərbaycanın inkişaf yolunda mühüm tarixi missiyanın davamı kimi qiymətləndirilir.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button