
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın tarixində həm böyük acının, həm də möhtəşəm qayıdışın rəmzidir. Bu gün Ağdamın işğaldan azad edilməsinin ildönümünü, şəhərin yenidən dirçəlişini və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan ən mühüm addımlardan birini simvolizə edir. Uzun illər viran qoyulan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün sürətlə bərpa olunur, həyat geri qayıdır, şəhər özünün tarixi kimliyinə, mədəni ruhuna və iqtisadi potensialına yenidən qovuşur.Ağdam Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, ölkənin siyasi, iqtisadi və mədəni həyatında hər zaman özünəməxsus rola malik olub. Şəhər XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü nəticəsində işğala məruz qaldı, yerlə-yeksan edildi, tarixi abidələri dağıdıldı.
Lakin Azərbaycan xalqı heç vaxt Ağdamı unutmamış, Vətən müharibəsində əldə olunan böyük Qələbə ilə bu torpaqlar öz sahiblərinə geri qayıtmışdır. 20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğaldan azad olunması yalnız strateji deyil, həm də mənəvi qələbə idi.Bu gün Ağdamda aparılan genişmiqyaslı quruculuq işləri onun gələcək inkişaf konsepsiyasının nə qədər düşünülmüş və sistemli şəkildə həyata keçirildiyini göstərir. Şəhərin Baş planı müasir urbanizasiya standartları əsasında hazırlanıb və Ağdamı “ağıllı şəhər” modelinə uyğun inşa etmək məqsədi daşıyır. Buraya geniş prospektlər, ekoloji təmiz nəqliyyat sistemi, enerji səmərəliliyi yüksək olan yaşayış massivləri, sosial-mədəni obyektlər və sənaye parkları daxildir.Ağdamın yenidən qurulmasının əsas istiqamətlərindən biri tarixi və mədəni irsin bərpasıdır.
İşğaldan əvvəl Qarabağın ən böyük mədəniyyət ocaqlarından biri olan Ağdam Dövlət Dram Teatrı, şəhərin mərkəzi məscidi, tarixi yaşayış sahələri xüsusi diqqətlə bərpa edilir. Ağdam Çörək Muzeyinin yenidən yaradılması isə simvolik məna daşıyır. Bu, həm şəhərin mədəni yaddaşının qorunması, həm də işğal illərində dağıdılmış dəyərlərin dirçəldilməsi deməkdir.Ağdamın iqtisadi potensialı da onu bölgənin mühüm inkişaf mərkəzinə çevirəcək əsas amillərdən biridir. Artıq Ağdam Sənaye Parkında bir sıra müəssisələrin təməli qoyulub, yerli və xarici sərmayədarlar üçün əlverişli şərait yaradılıb.
Bu, həm yeni iş yerlərinin açılmasını, həm də Qarabağ iqtisadi rayonunun birgə inkişafını stimullaşdıracaq.Şəhərin sosial infrastrukturunun bərpası da ən prioritet istiqamətlərdən biridir. Müasir məktəblər, tibb müəssisələri, idman kompleksləri və digər sosial layihələr Ağdamı əsl yaşayış məkanına çevirməkdədir. Həmçinin doğma yurda qayıdış prosesi çərçivəsində təhlükəsizlik tədbirləri görülür, kommunikasiya xətləri bərpa olunur, kəndlərdə və şəhərdə yeni evlər inşa edilir. Bu, uzun illər məcburi köçkün həyatı yaşayan insanların öz yurdlarına qayıtması baxımından tarixi hadisədir.20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir xatirə tarixi deyil, həm də bərpa və quruculuq iradəsinin, xalqın birliyinin və dövlətin gücünün təcəssümüdür. Bu gün Azərbaycan xalqı Ağdamın yenidən doğuluşunu fəxrlə izləyir və şəhərin yaxın gələcəkdə Qarabağın ən inkişaf etmiş, müasir və yaşayış üçün ən əlverişli mərkəzlərindən birinə çevriləcəyinə inanır.Ağdamın bərpası – Azərbaycan xalqının ruhunun, iradəsinin və gələcəyə olan inamının təntənəsidir.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



