
44 günlük Vətən müharibəsində qazanılan Qələbə və mövqeyi Türkiyə tərəfindən dəstəklənən Azərbaycanın düşünülmüş diplomatiyası sayəsində ATƏT-in Minsk qrupu bu gün artıq tarixin bir hissəsidir. Bu məsələnin beynəlxalq gündəmdən tamamilə çıxarılması isə yalnız prosedur məsələsidir.
İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Tercüman” qəzetinin avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqton görüşünün yekunlarına həsr olunmuş analitik materialında deyilir.
Nəşr qeyd edir ki, ATƏT Minsk qrupu onilliklər ərzində Ermənistan-Azərbaycan probleminin həllini ləngitmək üçün alət olub, strukturun özü isə Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, müəyyən dairələrin maraqlarına xidmət edib.
Materialda vurğulanır ki, İkinci Qarabağ müharibəsinin başlanğıcı ATƏT-in Minsk qrupunun “sonunun başlanğıcı” oldu. “Azərbaycanın Vətən müharibəsində Qələbəsinin təntənəsi olan üçtərəfli Bəyanat faktiki olaraq ATƏT Minsk qrupunun danışıqlar prosesləri çərçivəsindən kənara çıxarıb, İrəvanın bu aləti dirçəltmək cəhdləri isə uğursuzluğa düçar olub”, – deyə məqalədə daha sonra xatırladılır ki, Ukraynadakı müharibə fonunda Fransa və ABŞ ATƏT-in Minsk qrupunda iştirakını “dondurub”. Eyni zamanda rəsmi Bakı “Minsk qrupu tarixin bir hissəsi oldu” tezisindən məharətlə istifadə edib.
“Nəticə olaraq, ATƏT Minsk qrupu 2023-cü ildə bir dəfə də olsun iclas keçirməyib, həmsədr ölkələrin bir dənə də olsun bəyanatı açıqlanmayıb. Vaşinqton və Paris Bakı və İrəvanla birbaşa əlaqə yaradıblar. Moskva da oxşar taktikaya əməl etməyə başladı”, – deyə qəzet yazaraq, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə keçirilən görüşün yekunları fonunda, ATƏT-in Minsk qrupunun ləğvinin yalnız prosessual addımlardan asılı olduğunu diqqətə çatdırıb.