Analitika

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Bu gün isə təqvimdə 2023-ci il 4 oktyabr – Cəbrayıl rayonunun işğaldan azad olunması tarixidir. Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər illər ötsə belə heç vaxt unudulmayacaq. Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il sentyabrın 27-dən isə Cəbrayıl rayonunun işğaldan azad edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusu tərəfindən hərbi əməliyyatlar başlandı. 4 oktyabr Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl şəhəri işğaldan azad edildi.Cəbrayılın azad olunması strateji əhəmiyyət daşıyırdı. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti daşıyırdı. 30 illik işğaldan sonra üçrəngli bayrağımızın doğma torpaqlarımızda dalğalanması həm düşmənə, həm də onun havadarlarına göz dağıdır. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button