Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu gün həmçinin, Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən dörd il ötür.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb. İşğalçı Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri