Analitika

Azərbaycan tarixində müdrik dövlət adamları sırasında Heydər Əliyev ayrıca və misilsiz mövqe tutur

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”.

Ümummilli Lider Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. Bütün bu hadisə və proseslərin düzgün istiqamətə yönəldilməsi Ermənistanın Azərbaycanın ərazisinə hərbi təcavüzü və təcavüzün qarşısının alınması fonunda baş verirdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu Öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi. “Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir.” Azərbaycanın xarici siyasətində Ulu Öndər Heydər Əliyev eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər təşkilatlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət vermişdir. Həmin siyasətin məntiqi nəticəsi kimi yuxarıda adlarını çəkdiyimiz təşkilatların böyük əksəriyyəti beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də uğurlu neft strategiyasının işlənib hazırlanması və reallaşması oldu. Ümummilli Liderin gərgin əməyi və əzmkarlığı sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri tikilib istifadəyə verildi. 1999-cu ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində ATƏT-in zirvə sammiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan” ixrac boru kəməri vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən Xəzər dənizindən çıxarılan əsas xam neftin nəqli haqqında” saziş imzalandı. Həmin layihənin reallaşmasından sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşdırılmasına başlanıldı. Ulu Öndər deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.”

Kərimov Qarabəy,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button