Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə daha da genişlənəcək
Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Azərbaycan və qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Bu xalqlar arasında mədəni əlaqələr inkişaf etməkdədir. 9 aprel 2000-ci ildə Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi mərasimində Qırğız Respublikasının Prezidenti Ə.Akayev iştirak edib. Azərbaycan nümayəndə heyəti isə 2000-ci ilin payızında Qırğızıstanın Oş səhərinin 3000 illiyində iştirak edib. Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəsdəkləyir.Türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr da mövcuddur. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir, ticarət əlaqələri genişlənir. Azərbaycan Pespublikasının Prezident İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatla çıxışı zamanı bildirdi ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Türkdilli dövlətlər arasında sıx əməkdaşlıq bütün türk dünyası üçün olduqca vacibdir. Birgə bəyanatlarda səslənən fikirlər və imzalanan sənədlər bundan sonra da iki ortaq kökə malik ölkə arasındakı münasibətlərin inkişaf etdiriləcəyinə əminlik yaradır. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr bundan sonra da müxtəlif sahələr üzrə daha da genişlənəcək. Qırğızıstan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açacaq, eyni zamanda türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı