
Artıq Azərbaycan strateji tərəfdaşı olduğu Avropa İttifaqı ilə bir çox sahələrdə fəal dialoq aparır. Neft, qaz və bərpa olunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr isə tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev Anlaşma Memorandumunu gələcək üçün yol xəritəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı ölkəmizin “köhnə qitə”nin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verdiyini diqqətə çatdıraraq deyib: “Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini nəinki dəstəkləyir, hətta bir çox hallarda bizə müraciətlər də olmuşdur və bu müraciətlərə biz müsbət cavab vermişdik. Avropa Komissiyası qeyd etdiyimiz kimi, Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır”. Ötən il Azərbaycandan Avropa İttifaqına (Aİ) 11 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bununla da, Azərbaycanın Aİ-nin təbii qaz idxalındakı payı 2021-ci ildəki 3 faizdən (8 milyard kubmetr) 7 faizə yüksəlib. Qeyd edək ki, 2023-cü ildə Aİ-nin təbii qaz idxalı 290 milyard kubmetr, istehlakı isə 330 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 13,4 faiz və 7,3 faiz azalıb. Bununla yanaşı, Avropa İttifaqı 2023-cü ildə əsas qaz təchizatçısı olan Rusiyadan idxalı 3,5 dəfə azaldaraq 150 milyard kubmetrdən 43 milyard kubmetrə endirib. Buna isə Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən sanksiyalar və mövsümi temperaturun normadan çox olması səbəb olub. enerji sahəsində və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edilib. Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Azərbaycan qazının Avropaya uzanan yolu isə 2018-ci ilin iyun ayında Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) birinci hissəsinin istifadəyə verilməsi ilə başlanıb. Düz 6 ildir ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən “mavi yanacaq” bu kəmər vasitəsilə Türkiyənin qərb sərhədinə, oradan isə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri ilə sabit və davamlı şəkildə Avropa bazarına çatdırılır. Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan bu boru kəməri Azərbaycanın Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox “maye yanacağ”ın çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. Sözügedən layihə, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradır. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulması ilə Azərbaycan, həm də qaz nəqlində transit ölkəyə çevrilmək imkanı əldə edəcək.
Aynur Həsənova,
YAP-ın gənc fəalı