AnalitikaGündəm

Pakistan Azərbaycanın dostudur

Pakistan Azərbaycanın dostudur. Bunu birmənalı olaraq vurğulamaq olar. Çünki Azərbaycanın dar günündə həmişə onun yanındadır. “Dost dar gündə tanınar” atalar sözünü Pakistan təsdiqləyib. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib. Azərbaycanın müstəqilliyini tanıyan (1991-ci il dekabrın 12-si) ilk dövlətlərdən biri Pakistan İslam Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 32 il əvvəl qurulub. Dövlət və hökumət başçılarının qarşılıqlı olaraq bir-birinə səfərlər etməsi ikitərəfli əlaqələrin genişlənməsinə impuls verir. 1995-ci il oktyabrın 9-11-də ilk dəfə olaraq Pakistanın Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər edib. 1996-cı il aprelin 9-11-də Prezident Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu. Yeri gəlmişkən, Pakistanda siyasi hakimiyyət dəyişsə də, bu iki dövlət arasında əlaqələrin yüksək səviyyədə qalmasına mane olmur. Bu, mövcud münasibətin hər iki dövlətin təməl maraqlarına uyğun olaraq davam etdiyini, onun siyasi hakimiyyətin dəyişməsnə təsir göstərmədiyini isbatlayır. Torpaqları işğal altında olduğu dövrdə və 44 günlük müharibə zamanı bu demokratik İslam Respublikası birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Ovaxtkı Baş nazir İmran Xan 44 günlük qələbə münasibəti ilə təbrikində bildirmişdi ki, Pakistan xalqı bu qələbəni yüksək qiymətləndirir. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər. Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb olar. Bu il iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub. Belə görüşlərin bundan sonra davamlı xarakter daşıyacağına əminlik ifadə edilib. Ehtimal etmək olar ki, yaxın illərdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin göstəricisi başqa sahələrdəki yüksək səviyyəli münasibətlərə uyğun olacaq. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri də tərəflərin mənafeyi və maraqlarını təmin etmək üçün töhfə verər.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button