AnalitikaGündəm

Ölkəmizin strateji hədəfləri daima diqqət mərkəzindədir

Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.

Son illərdə Azərbaycanda 1 milyon 500 minə yaxın yeni iş yeri yaradılmışdır. Onlardan 1,2 milyonu daimi iş yeridir. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində bu göstərici 5 faizdən aşağı enmiş, yoxsulluq isə 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb.

Prezident İlham Əliyevin vurğuladığı kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilib. Yoxsulluğun azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması regionların inkişafına xidmət edən Dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olub. Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadi resursların ədalətli paylanmasının, uğurlu sosial islahatların, vətəndaş cəmiyyətinin inkişafının təminatıdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında dediyi kimi, bu il ölkə iqtisadiyyatı kölgədən tam çıxmalıdır, bütün sahibkarlar vergiləri ödəməlidirlər, kölgə iqtisadiyyatına son qoyulmalıdır. Ölkəmizin başçısının dediyi kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button