AnalitikaGündəm

Milli mətbuatımızın yaranması günü təkcə jurnalistlərin deyil, bütün xalqımızın bayramıdır

22 İyul Mətbuat Günü, Azərbaycan mətbuatının yaranmasının və inkişafının qeyd edildiyi xüsusi bir gündür. Bu gün, ilk Azərbaycan qəzetinin nəşr olunduğu 1875-ci ili xatırladır. Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş “Əkinçi” qəzeti, Azərbaycan xalqının informasiya ilə təmin olunması və maariflənməsi sahəsində əhəmiyyətli rol oynamışdır.

Həsən bəy Zərdabi, Azərbaycan mətbuatının banisi olaraq, jurnalistikanın ölkədəki inkişafının əsasını qoymuşdur. “Əkinçi” qəzeti, sadə xalqın dilində yazılmış məqalələrlə maariflənmə və milli şüurun inkişafına xidmət edirdi. Qəzetin səhifələrində kənd təsərrüfatı, təhsil, səhiyyə və digər sahələrə dair məqalələr yayımlanırdı. Zərdabi, həmçinin qəzet vasitəsilə cəmiyyətin problemlərini işıqlandırmağa və onların həll yollarını göstərməyə çalışırdı.

Milli mətbuatımızın yaranması günü də təkcə jurnalistlərin deyil, bütün xalqımızın bayramıdır. Azərbaycan Milli mətbuatının yaranması görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Bir sıra görkəmli ictimai-siyasi xadimlərlə yanaşı, bu fəaliyyəti  yüksək qiymətləndirən  Ümummilli Lider Heydər Əliyev demişdir ki, Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Bu sözlərin təsdiqi olaraq ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildən hər il  iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur.

Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Çünki həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button