
Azərbaycan həyata keçirdiyi xarici siyasətdə ən mühüm mərhələ olan dostluq, qarşılıqlı münasibətlərin sağlam təməllər üzərində qurulmasına xüsusi önəm verir. Sıx dostluq və qardaşlıq əlaqələrin qurulduğu ölkələrdən biri də Pakistandır. Azərbaycan və Pakistan münasibətləri çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərilməsi, əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdirilməsi ilə özünü daha dərindən ehtiva edir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildən qurulub. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində İslamabada dövlət səfəri zamanı Pakistan Prezidenti Asif Əli Zərdari, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirdiyi görüşlər bir sıra sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Belə ki, səfər zamanı 15 sənəd imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında yeni bir istiqamətdir. Səfər zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını xüsusilə vurğuladı. Azərbaycan-Pakistan qardaşlığı xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Ölkə başçısı bəyanatında qeyd etdi ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların həyata keçirilməsi artıq müzakirə olunub. Bütün bu səmərəli səfərlər və diplomatik əlaqələr sonrakı illərdə də uğurla davam etdirilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 11 iyulda Pakistan İslam Respublikasına dövlət səfəri olduqca böyük əhəmiyyət daşıyır. Dövlət rəhbərlərinin apardıqları danışıqlar, iki dövlət arasında imzalanan sənədlər ölkəmizin xarici siyasətində daha bir önəmli addım idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü hərtərəfli xarici siyasətdə Pakistan İslam Respublikası ilə əlaqələrin yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi əsas məsələlərdən biri kimi həmişə diqqət mərkəzindədir. Elə bu düşünülmüş siyasətin nəticəsidir ki, Pakistan bütün məsələrdə Azərbaycanın haqq səsinə ürəkdən səs verir. Vətən müharibəsində Pakistanın Azərbaycana verdiyi böyük dəstək hər bir soydaşımızın yaddaşına silinməz hərflərlə yazılıb. Bütün bu və digər uğurlar Azərbaycan-Pakistan münasibətlərinin işıqlı sabahından xəbər verir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı