AnalitikaGündəm

Azərbaycan Milli Mətbuatı 149 yaşında

Artıq Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş 22 iyul 1875-ci ildə işıq üzü görmüş “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi” qəzeti 1875 ilin iyulundan  1877-ci ilin sentyabrına  qədər  olan illəri əhatə etmiş və cəmi 56 sayı işıq üzü görmüşdür. “Əkinçi”  qəzetinin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olmuş, əsasən maarifçilik missiyasını üzərinə götürən qəzet, az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında məşhurlaşaraq çox sevilmişdir.

“Milli Mətbuat Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması kimi digər xoş ənənəni 1995-ci ildən Ulu Öndər  Prezident Heydər Əliyev yaratmışdır.

Ümumilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilməsi, kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir.
1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Hazırda  ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button