AnalitikaGündəm

Azərbaycan mətbuatı qələminin gücü ilə haqq savaşının sədasını dünyaya çatdırdı

22 İyul Mətbuat Günü, Azərbaycan mətbuatının yaranmasının və inkişafının qeyd edildiyi xüsusi bir gündür. Bu gün, ilk Azərbaycan qəzetinin nəşr olunduğu 1875-ci ili xatırladır. Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş “Əkinçi” qəzeti, Azərbaycan xalqının informasiya ilə təmin olunması və maariflənməsi sahəsində əhəmiyyətli rol oynamışdır.

Həsən bəy Zərdabi, Azərbaycan mətbuatının banisi olaraq, jurnalistikanın ölkədəki inkişafının əsasını qoymuşdur. “Əkinçi” qəzeti, sadə xalqın dilində yazılmış məqalələrlə maariflənmə və milli şüurun inkişafına xidmət edirdi. Qəzetin səhifələrində kənd təsərrüfatı, təhsil, səhiyyə və digər sahələrə dair məqalələr yayımlanırdı. Zərdabi, həmçinin qəzet vasitəsilə cəmiyyətin problemlərini işıqlandırmağa və onların həll yollarını göstərməyə çalışırdı.

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Hazırda  ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir.

1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. 

“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti isə “Əkinçi” adlanan günəşin həqiqətən də solmadığının bariz sübutu idi. İdeyalarını bu qəzetlə çatdıran Zərdabi əfəndi yazdığı məqalələrin xüsusunda milli maarifçiliyin imzasını qoydu.

Zərdabi işığını görən, milli mətbuatın inkişafının zərurətini anlayan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev öz hakimiyyəti dövründə bu sahədə ciddi islahat tədbirləri görmüşdür. “Əkinçi” günəşinin solmaması üçün əlindən gələni edən əbədiyaşar mütəfəkkir 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra ölkənin mətbuat siyasətində də mühüm dəyişikliklər baş verdi. Bu dövrdə mətbuatın azadlığı və müstəqilliyin təmin edilməsi üçün əmin addımlar atıldı. Heydər Əliyev öz çıxışlarında demokratik prinsiplərə sadiq qalaraq, mətbuatın cəmiyyət üçün əhəmiyyətli bir güc olduğunu və onun müstəqil fəaliyyət göstərməsinin vacibliyini vurğulayırdı.

Azərbaycan mətbuatı qələminin gücü ilə haqq savaşının sədasını dünyaya çatdırdı. Cəsur jurnalistlər, çətin şərtlərdə belə, həqiqəti axtarıb işıqlandırmaqdan geri durmadılar. Onların hər bir yazısı, bir millətin qürurunu və müqavimətini əks etdirən güzgü kimi idi. Sözlərin cəbhəsində savaşanlar, xalqın səsinə səs verərək tarix yazdılar. Bu mübarizənin hər sətiri, gələcək nəsillərə qəhrəmanlıq dastanı kimi yadigar qaldı.

Kərimov Qara,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button