
Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir. Mətbuat, ilk növbədə, intellektual sfera olduğu üçün, heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, tarixi də bir qədər daha sonrakı dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez olmasından asılı olmayaraq, hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir sosium idi. Ona görə də, hesab edirik ki, Azərbaycan milli mətbuatının inkişafı təkcə Azərbaycan mətbuatının inkişafı kimi yox, Qafqazda yaşayan bütün müsəlmanların mətbuatının inkişafı kimi səciyyələndirilməlidir.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı